“Xəyallarımda özümü həm peşəkar usta, həm də gözəllik salonunun sahibi kimi görürdüm...”.
Gənc sahibkar Fidan Babayeva Xaçmazda yaşayır. Marjanın məlumatına görə, sahibkarlıq fəaliyyətinə təzə başlayan bu gənc qadın “Beauty studio” gözəllik salonunda çalışır. Biznesdə ilk uğurlarını da məhz burada qazanıb. İndi o özünü tam xoşbəxt hesab edir. Belə ki, zəhmət və bacarığı sayəsində arzuladığı işi qurmağı bacarıb.
Amma bu uğura aparan yollar heç də hamar olmayıb…
32 yaşı var Fidanın. Ailəlidir, iki azyaşlı oğlu var. 2007-ci ildə Xaçmaz şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunub. 2013-cü ildə ali təhsilini başa vurub.
O illəri xatırlayaraq, deyir: “Uşaq vaxtımdan yaxşı əl qabiliyyətim var idi, salon işinə də həmişə həvəsim olub. Yadımdadır, gəlinciklərimin saçını darayır, hörür, cürbəcür saç düzümləri edirdim, dırnaqlarına boya çəkirdim... Çox həvəsli idim bu işə. Amma bununla bərabər ali təhsil almaq arzum məni Bakıya gətirdi. Məktəbi bitirib ali məktəbə qəbul oldum. Təhsil illərində məndə bank işinə böyük həvəs yarandı. 2013-cü ildə “KredAqro” Bank Olmayan Kredit Təşkilatında əməliyyatçı-xəzinədar kimi işə başladım. 2015-ci ildə devalvasiya ilə bağlı banklarda ixtisarlar həyata keçirilirdi. Mən də ixtisara düşdüm. Bir müddət banklarda iş axtardım, amma özümə münasib iş tapa bilmədim. Çox düşünmədən uşaqlıq arzumu həyata keçirməyə qərar verdim və Xaçmazın mərkəzində yerləşən gözəllik salonuna üz tutdum. Bilirdim ki, öz biznesimi qurmaq çox ciddi və vaxt aparan iş olacaq, bu iş hər kəsdən güc və səbir tələb edir. Amma bir tərəfdən qazanc əldə edib ailə büdcəmizə kömək etmək istəyi, bir tərəfdən də sevdiyim işə qovuşmaq arzusu ilə 3 ay usta yanında şagird kimi çalışdım, sonra usta köməkçisi işlədim. Eyni zamanda Bakıda və Xaçmazın özündə təşkil olunan seminarlarda iştirak etdim. Onu da deyim ki, bu seminarlarda çox şeylər öyrəndim. Bilik və bacarıqlarımı artırmaqda məqsədim yaxşı usta olmaq idi. Artıq mən bu ideyalarla yaşayırdım, nə olur-olsun, öz işimi qurmalı idim. Xəyallarımda özümü həm peşəkar usta, həm də gözəllik salonunun sahibi kimi görürdüm... Salonda işə başlayandan bir müddət sonra ikinci oğlum dünyaya gəldi və təkbaşına salon açmaqda çətinliklər yarandı. Ona görə də işlədiyim salonda şərikimlə birlikdə işləməyə davam etdim. Arzu dalınca arzular doğar, mənim də bitib-tükənməyən arzularım var idi. İlk öncə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin (KOBİM) təşkil etdiyi təlimlərə qatıldım”.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) layihəsi Fidan xanımı arzusuna bir qədər də yaxınlaşdırdı. O, layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak etməyə başladı və kiçik biznesini genişləndirmək üçün biznes-plan tərtib edib münsiflər heyətinə təqdim etdi. Özünün etiraf etdiyi kimi, heç də özünə inamı yox idi, münsiflər heyətinin qərarı onun üçün gözlənilməz oldu: təqdim etdiyi biznes-plan münsiflər tərəfindən yüksək qiymətləndirildi və o öz layihəsini həyata keçirmək üçün sərmayə kapitalı aldı.
“İştirak etdiyim təlimlər həm Bakıda, həm də yaşadığım Xaçmaz rayonunda təşkil edilirdi. Burada özüm kimi biznesdə uğur qazanmağa cəhd göstərən xanımlarla tanış oldum. Biz bir-birimizə baxıb ruhlanırdıq, biznesdə irəliləmək istəyirdik. Addımlarımız əvvəlcə kövrək olsa da, sonradan möhkəmləndi... 2020-ci ilin yayında AMFA-nın maliyyə vəsaiti ayırdığı sahibkarlar arasında adımı eşidəndə çox sevindim, özümə güvənim artdı. Mənə ayrılan sərmayə kapitalı çox bərəkətli oldu: salona lazım olan avadanlıqlar, keyfiyyətli fenlər, keratinlər, kosmetika vasitələri aldım. Gördüyüm işin keyfiyyəti birə-beş artdı. Və işə təzə həvəslə başladım. Şərikimlə işlətdiyim gözəllik salonunun 6 əməkdaşı var. İndi ən böyük arzum təkbaşına gözəllik salonu açmaqdır. Əminəm ki, bunun da öhdəsindən gələcəyəm”, - deyir Fidan.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 83 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
21 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
-
26 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
51 d. əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
16 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Ən çox oxunanlar
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb


























