"Azərbaycan Türkiyəyə 20 milyarddan çox sərmayə qoyub, Pakistana 2 milyard qoymağa hazırdır"

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib.
Marja xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.
Əziz dostlar, Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz.
Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.
Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.
Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.
Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.
Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.
Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm.
Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.
Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.
Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.
Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
16 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
