Mərkəzi Bank faiz qərarını açıqladı
Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri sabit saxlanılıbAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. (Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılmışdır).
Mərkəz Bankın yaydığı press-relizdə bildirilir ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.
İllik inflyasiya hədəf daxilində qalır. 2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir. İlkin rəqəmlərə görə 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.
Bu dövrdə xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır.
Pul siyasəti alətlərinin tətbiqi maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri əsasında tənzimlənir. Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin martında 6.47%, apreldə isə 6.44% təşkil edib.
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
Ötən iclasdan bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaqdır. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcəkdir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 2026-cı il iyun ayının 24-də ictimaiyyətə açıqlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























